17–19 oktyabr tarixlərində Türkiyənin Mersin şəhərində keçirilən 10-cu GMPS və 6-cı MENA Baş Ağrılarının İdarəedilməsi (Management of Headache) Konqresi baş ağrıları və miqren sahəsində beynəlxalq səviyyədə ən nüfuzlu elmi tədbirlərdən biri idi.
Bu konqresdə Miqren və Baş Ağrıları Mərkəzinin rəhbəri və Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçisi kimi Azərbaycanı təmsil etdik.
Tədbirdə həm məruzəçi, həm də elmi sessiyalardan birinin sədri qismində çıxış etdik. Məruzəmiz “Pasiyentlərə hədəflənmiş düzgün sorğu” mövzusuna həsr olunmuşdu və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Çıxış zamanı pasiyentlərə fərdi yanaşmanın, düzgün sualvermə texnikasının və məqsədyönlü sorğuların klinik diaqnostikada rolu barədə elmi əsaslara və praktik təcrübələrə əsaslanan məlumatlar paylaşdıq.
Konqres çərçivəsində Avropanın və Yaxın Şərqin baş ağrısı və miqren üzrə aparıcı alimləri, beynəlxalq assosiasiyaların nümayəndələri və tədqiqatçılarla elmi fikir mübadiləsi aparmaq, yeni əməkdaşlıq istiqamətləri müzakirə etmək imkanı əldə etdik.
Tədbirdəki elmi fəaliyyətimizə və sessiya rəhbərliyimizə görə konqresin təşkilat komitəsi tərəfindən məruzəçi, sessiya sədri və fəal iştirakçı kimi beynəlxalq sertifikatlarla təltif edildik.
Bu konqresdə iştirakımız həm peşəkar inkişafımız, həm də Azərbaycanın baş ağrısı və miqren sahəsində beynəlxalq elmi arenada təmsil olunması baxımından böyük əhəmiyyət daşıdı.



