20 dekabr 2025-ci il tarixində Bakı şəhərində keçirilən Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) 1-ci İllik Beynəlxalq Konfransında Birliyin həmtəsisçisi və Təşkilat Komitəsinin sədri Dr. Sərxan Əmirquliyev iştirak etmişdir.
Konfransın açılış mərasimində çıxış edən Dr. Sərxan Əmirquliyev tədbir iştirakçılarını salamlayaraq, konfransın əsas məqsədinin baş ağrısı və miqrenin diaqnostika və müalicə imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübənin paylaşılması və regional əməkdaşlığın gücləndirilməsi olduğunu bildirmişdir. O, həmçinin konfransın AMMİB-in təsisçisi və İdarə Heyətinin üzvü professor Məsud Aşinanın 60 illik yubileyi ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.
Konfransın elmi proqramı çərçivəsində Dr. Sərxan Əmirquliyev məruzə ilə çıxış etmiş, həmçinin miqrenin yanaşı gedən xəstəliklərlə əlaqəsinə həsr olunmuş sessiyaya sessiya sədri qismində rəhbərlik etmişdir. Sessiyada miqren və depressiya, epilepsiya və insult mövzuları üzrə elmi müzakirələr aparılmışdır.






